Dark UX

UX Dizayn

Dark UX və ya UX-də Dark Pattern istifadəçilərin normalda rəqəmsal mühitdə sərgilədiyi davranışlardan və ya veb-vərdişlərindən sui-istifadə edərək onlara əslində etmək istəmədikləri bir seçimi etdirən UX konseptidir. Bir UX dizayner olaraq, Dark UX konseptindən uzaq durmağınız hər zaman ən düzgün seçimdir, çünki bu kimi strategiyalar işlətmək sadəcə istifadəçiləri sinir krizinə salmır, eyni zamanda həbs və ya ağır cərimə kimi cəzaları da mövcuddur.

Paylaş

Dark UX və ya UX-də Dark Pattern istifadəçilərin normalda rəqəmsal mühitdə sərgilədiyi davranışlardan və ya veb-vərdişlərindən sui-istifadə edərək onlara əslində etmək istəmədikləri bir seçimi etdirən UX konseptidir. Bir UX dizayner olaraq, Dark UX konseptindən uzaq durmağınız hər zaman ən düzgün seçimdir, çünki bu kimi strategiyalar işlətmək sadəcə istifadəçiləri sinir krizinə salmır, eyni zamanda həbs və ya ağır cərimə kimi cəzaları da mövcuddur.

Dark UX-in əsasında istifadəçilərin vərdişlərindən sui-istifadə etmək durur, məsələn bir çox istifadəçi applikasiya yükləyərkən qarşılarına çıxan uzun “data və məxfilik qorunması siyasətini” oxumur və applikasiya istifadəyə icazə versin deyə “Hə, razıyam” düyməsini klikləyir. Bu davranışdan xəbərdar olan bir çox şirkət və ya bizneslər həmin müqaviləyə “istifadəçinin məxfi data və informasiyasının X şirkətinin rəqəmsal aktivləri (asset) sırasına daxil edilməsinə razılıq” deyə bir bənd daxil edə bilər. Artıq datanız şirkətin aktivlərinə daxil olduğundan şirkət bu datadan müxtəlif yollarda istifadə edə bilər, məsələn biri data brokerliyi (datanın 3-cü tərəflərə satılması).

Dark UX-in ən məşhur versiyalarından bir neçəsini gözdən keçirmək üçün aşağıdakı nümunələrə nəzər sala bilərsiniz.

  1. Forced Continuity (Məcburi Yeniləmə) - Deyək ki, hər hansısa bir media servisinə abunə oldunuz, məsələn Netflix-ə. Və ilk ayı yoxlanış edərək pulsuz istifadə edirsiniz. Ay sonunda əgər Netflix sizdən xəbərsiz və sizə yoxlanış müddətinizin bitdiyini xəbər vermədən bank hesabınızdan lazımi məbləği götürürsə, buna məcburi yeniləmə deyirik. Netflix daxil olmaqla bir çox media servisləri bu siyasətdən sıxlıqla istifadə edir, məsələn Spotify. Bu tip abunə əsaslı servislər normalda bunu istifadəçinin vaxtını almamaq və ya onu bildirişlərlə narahat etməmək ya da davamlı istifadəçi təcrübəsi təmin etmək üçün etdiklərini desələr də, burda yaxşı istifadəçi təcrübəsinə fokuslanmaqdan daha çoxu olduğunu bilirik.

  1. Friend Spam (Dostlardan gələn spam mesajlar) - Hər hansısa platforma və ya applikasiya sizdən email adresinizi və ya kontaktlara keçid üçün icazə istəyir ki, əgər kontaktlarınızdan kimsə o platformada varsa, sizi bir-birinizə calaşdırsın. Sözsüz ki, calaşdırırlar da. Amma bu informasiyadan istifadə edərək şirkətlər bəzi hallarda kontaktlarınıza sizdən gedirmiş kimi görünən spam mesajlar atmağa başlayırlar. Məhkəməyə verilib 13 milyon dollar itirənə qədər LinkedIn bu siyasətdən bir neçə dəfə istifadə etmişdi.

  1. Corfirmshaming - Bu nümunə xüsusilə bir neçə il əvvəl çox məşhur idi və bir çox e-commerce və online mağazalar tərəfindən istifadə olunurdu. Confirmshaming istifadəçidən arzu olunan əməliyyatı yerinə yetirməsi üçün əsas və alternativ olmaqla 2 seçim verən, amma alternativ seçimi daha pis göstərən Dark UX nümunəsidir. 

Nümunə ilə daha yaxşı başa düşəcəksiniz, məsələn deyək ki, qarşıdan qış gəlir və siz hansısa online mağazaya girib paltolara baxırsınız. Paltonu seçib almaq istəyəndə qarşınıza belə bir pop-upu çıxır “Şərflərdə 30%-ə qədər endirim”. Pop-upda isə sizə iki seçim verilib;

  1. Hə, indi al

  2. Yox, mən bu qış dəbli görünmək istəmirəm 

Həmin o alternativ seçim, yəni biznesin maraqlarına zidd olan seçim sizin emosiyalarınıza təsir edəcək formada yazılıb. “Mən bu qış dəbli görünmək istəmirəm” deyərək sanki etdiyiniz seçimin yanlış olduğunu deyirlər. Confirmshamingin başqa versiyaları “Yox, mən puluma qənaət etmək istəmirəm” və ya “Yox, mən aylıq maraqlı və lazımlı biznes emailləri almaq istəmirəm” ola bilər.

  1. Bait and Switch (Yemlə və Dəyiş) - İstifadəçilərin bir əməliyyat etmək istədiyi zaman, gözlədikləri və olmalı olan nəticədən fərqli bir nəticə ilə qarşılaşmaları halıdır. Məsələn, bir çox saytda qarşınıza pop-up reklam çıxdığı zaman “x” düyməsinə basaraq reklamdan çıxış etmək istəyirsiniz, amma onun yerinə başqa bir reklam pop-up daha çıxır, sonra yenidən “x”-ə basanda bu dəfə başqa bir bölmədə yeni bir reklam açılır. Nəhayət 4 dəfə yoxlayandan sonra siz reklamları bağlaya bilirsiniz.

  1. Disguised ads (Gizlədilmiş reklamlar) - Bu strategiya ilə hamımız tanışıq. Normalda autentik olmayan mənbələrdən yükləmələr etdikdə, qarşınıza içində 4-5 ədəd “download” düyməsi olan veb səhifə çıxır. Amma məsələ ondadır ki, onların hamısı reklamdır, və əsl yükləmə düyməsi ən aşağıda mavi rənglə verilmiş və altından xətt çəkilmiş sözdür. Həmin aldadıcı yüklə düymələrinin dizaynı veb səhifənin ümumi UI dizaynına o qədər uyğun olur ki, siz elə bilirsiniz ki, bu düymələr axtardığınız resurs üçündür. Bu UX nümunəsi Gestalt prinsiplərinin “Oxşarlıq” qaydasından sui-istifadə edir.

  1. Hidden Costs (Gizli Xərclər) - Məsələn deyək ki, bayaqkı qış paltosunu almağa çalışırsınız və artıq bir Dark UX nümunəsinə - confirmshamingə məruz qalmısınız. “Yox, mən bu qış dəbli görünmək istəmirəm” düyməsini sıxmısınız və “Kart Detallarına Keçid” düyməsini sıxaraq son mərhələyə gedirsiniz. Amma istifadəçi təcrübəsinə diqqət yetirən veb mağazanın sizə hazırladığı bir sürpriz daha var. Kart detallarını dolduranda fərqinə varırsınız ki, paltonun qiymətinin 229 AZN olmasına baxmayaraq sizin ödəməli olduğunuz məbləğ 275 AZN-a qalxıb. “Çantam” düyməsinə kliklədikdə  görürsünüz ki, sizin xəbəriniz olmadan 1 illik qarantiya (30 AZN) və daha əvvəl vurğulanmamasına baxmayaraq gətirilmə haqqı (16 AZN) qoyulub. Əgər kartınızda 2 mərhələli identifikasiya yoxdursa və siz kart detallarını doldurdunuzsa, bir də onda fərqinə varırsınız ki, bankınız balansınızdan 275 AZN çıxıldığı ilə bağlı sizə bildiriş göndərib.

Dark UX hər nə qədər ədalətsiz səslənsə də, günümüzdə bu tip strategiyalardan istifadə edən xeyli təşkilat, qurum, veb-platform və aplikasiyalar var. 

UX dizayner olaraq məqsədimiz bu kimi siyasətlərlə qısa müddətli gəlir yaratmaq yox, uzunmüddətli istifadəçi-məhsul əlaqəsini formalaşdıracaq və müştərilərdə brendə qarşı yaxşı fikir yaradacaq dizaynlar tətbiq və təklif etməkdir. Çünki istifadəçi mərkəzli, şəffaf və autentik yanaşmalar uzun müddətdə şirkətlər üçün rəqabətədavamlı reputasiya, gəlir, sadiq müştərilər və digər arzu olunan nəticlərlər yarada bilər.

2024 UXBook bir Emotix məhsuludur.