Antipersona - məhsuldan əsas hədəf kütləyə və biznesə mənfi təsir göstərəcək şəkildə sui-istifadə edə bilən istifadəçi qrupunun təmsilidir.
UX sahəsində tez-tez persona sözünü eşidirik. Personalar məhsulu kimin üçün dizayn etdiyimizi anlamağa kömək olan, hədəf kütləninin təmsilidir. Bəs antipersona nədir və nə üçün ona ehtiyac duyulur?
Antipersona məhsuldan əsas hədəf kütləyə və biznesə mənfi təsir göstərəcək şəkildə sui-istifadə edə bilən istifadəçi qrupunun təmsilidir. Antipersona personaya oxşar olsa da, məqsədi dizaynerlərə biznes və ya məhsuldakı əsas risk faktorlarını göstərmək və onların qarşısının necə alına biləcəyilə bağlı ideya verməkdir.
Məsələn, kimyəvi təmizlik məhsulları istehsal edən bir biznes üçün antipersona uşaqlar ola bilər. Bəzi kimyəvi məhsulların qablaşdırılması rəngli olduğundan (məsələn, ağardıcılar və ya paltar yuyucu vasitə) onlar uşaqlar üçün xüsusi maraq yaradır, hətta uşaqlar çox hallarda həmin maddələri yeməyə çalışa bilir. Nəticə həm ailə, həm uşaq, həm də biznes üçün katastrofik ola bilər. Burada isə antipersonalar bizim “köməyimizə çatır”.
Antipersona necə qurulmalıdır?
Ətraflı və işə yarayan bir antipersona qurmaq üçün 8 element nəzərə alınmalıdır.
Ad
Üz
Məqsəd
Motivasiya
Fəaliyyət
Alət, vasitə
Ehtiyac
Nəticə
Ad və üz - personalarda olduğu kimi antipersonalarda da bu elementin vacibiyyəti antipersonanı mücərrədlikdən reallığa gətirmək, onu insanlaşdırmaqdır. Əgər antipersona insanlaşırsa, digər elementləri tapmaq daha asanlaşır.
Məqsəd - Hər bir persona kimi antipersonaların da məqsədi var. Aldıqları qərarları, atdıqları addımları bir məqsədə çatmaq üçün atırlar. Məsələn, data məxfiliyi yaxşı qorunmayan bir sosial media platformasına giriş edən bir antipersona düşünək, adı da olsun Mikayıl. Mikayılın burada məqsədi özünə aid olmayan bəzi məxfi informasiyalarnı (fotoşəkillər, şəxsi məlumatlar, bank detalları, yaşayış yeri və s.) hər hansısa bir yolla əldə etmək ola bilər.
Motivasiya - Motivasiya və məqsəd bəzi hallarda bir-birinə qarışdırıla bilər. Məqsəd antipersonanın nə etmək istədiyidir, motivasiya isə niyə etmək istədiyi. Məsələn Mikayıl nümunəsində Mikayılıin məqsədi məxfi informasiyanı əldə etməkdir. Motivasiyası isə həmin məlumatdan istifadə edərək informasiya sahibinə - ona Lalə deyək - şantaj etmək, məlumata qanunsuz formada yaymaq, hətta satmaq ola bilər.
Fəaliyyət - Antipersonanın məqsədinə çatmaq üçün atdığı addımları detallı izah edir. Məsələn, Mikayıl məxfi informasiyanı əldə etmək üçün Laləyə hesabının təhlükədə olduğunu, şifrəni dəyişdirməli olduğunu deyən saxta bir email göndərə bilər. Lalə buna inanıb şifrəni dəyişdiyi təqdirdə Mikayıl hesaba giriş etməli, məlumatları seçməli və onları başqa bir qurğuya və ya hesaba qeyd etməlidir. Burada antipersonanın atdığı hər bir addım fəaliyyəti elementinə daxildir.
Alət, vasitə - Məqsədə çatmaq üçün istifadə olunan vasitələrin detallı izah olunduğu hissədir. Məsələn, bank qarətçisi məqsədinə çatmaq üçün silaha, maskaya, qaçış avtomobilinə və s.-ə sahib olmalıdır. Data oğurluğu üçünsə, internetə qoşula bilən bir qurğunun olması kifayət edir. Təbii ki, başqa proqram təminatları və ya qurğular da burda sıralana bilər.
Ehtiyac - Antipersonanın öz məqsədinə çatmaq üçün nəyə ehtiyac duyduğudur, və ya başqa sözlə desək məhsuldakı və ya biznesdəki açıqlıqlar, təhlükəsizliyi qorunmayan nöqtələr. Məsələn, Mikayıl Lalənin hesabındakı məxfi informasiyaları ələ keçirmək üçün, ilk əvvəl sosial media platformasının güclü məxfilik sisteminin olmamasına, daha sonra isə Lalənin saxta emailə inanıb şifrəsini dəyişməyinə ehtiyac duyur. Dizaynerlər məhz bu elementə fokus olaraq risklərin nə olduğu ilə bağlı yaxşı fikirlər əldə edə bilərlər.
Nəticə - son element antipersonanın öz məqsədinə çatdığı halda baş verə biləcək halları sıralayır. Bu antipersona uğurlu olduğu təqdirdə baş verə biləcək ziyanın maksimum səviyyəsini müəyyənləşdirmək üçün lazımi elementdir.
Nə zaman antipersonadan istifadə etməli?
Hər biznes və ya məhsul müəyyən antipersona ola biləcək real istifadəçi kütləsinə sahibdir. Amma bu o demək deyil ki, hər biznes və ya məhsul üçün antipersona yaradılmalıdır, xeyr. Antipersona yaratmaq persona yaratmaq qədər vaxt, zəhmət və maliyyə resursu tələb edən prosesdir. Məsələn, onlayn bir mağazaya tez-tez girən, amma heç bir alış-veriş etmədən çıxan bir şəxs həmin onlayn mağaza üçün antipersonadır. Amma onun fəaliyyəti və ya uğurlu olub olmaması biznese heç cür təsir eləmir. Buna görə də həmin mağazanın bu konteksdə atipersona yaratmasına ehtiyac yoxdur. Ola biləcək haldır ki, biz də hansısa məhsul üçün antipersona kütləsindəyik.
O zaman antipersonadan istifadə etmək lazımdır ki,
Məhsul və ya biznes sensitiv və məxfi informasiya ilə işləyir (bank hesabları, sosial media hesabları, biznes platformaları və s.)
Məhsul və ya biznes fiziki və ya emosional formada kiməsə ziyan verə bilər (kəsici-deşici alətlər, kimyəvi maddələr və s.)
Antipersonanın varlığı kiçik ehtimal olsa belə, əgər nəticə böyük ziyanlar gətirəcəksə, onun üstündə işlənilməli və vaxt ayrılmalıdır.
2024 UXBook bir Emotix məhsuludur.