Affinity mapping, affinity diaqramlaşdırması və ya salxımlaşdıma olaraq kimi fərqli adlara sahib ifadə dizayn prosesinin 3 mərhələsi olan İdeya Qurulmasında (Ideate) istifadə edilən metodlardan biridir.
Ən sadə formada desək, Affinity Mapping edərkən araşdırma zamanı tapdığınız məlumatları və ya workshop zamanı ağla gələn ideyaları hər birində bir ideya olmaqla yapışqan kağızlara yazaraq divara yapışdırırsınız. Bu proses bitdikdən sonra ideyalar hamının razılığı ilə bənzərliklərinə görə qruplaşdırılır və təklif edilən həllərin prioritet səviyyəsi müəyyənləşdirilir. Və siz artıq affinity mappingin necə edildiyini bilirsiniz.
Ətraflı izah
Hal-hazırki UX dünyasında istifadə edilən Affinity Mapping yapon etnoqraf Kawakita Jiro-nun KJ diaqramlaşdırılması metodundan adaptasiya edilmişdir. Affinity Mapping vasitəsilə onlarla komanda üzvünün mürəkkəb fikirlərini qısa bir müddətdə səliqəli formada qruplaşdırmaq mümkündür.
Affinity Mappingin fazaları
Affinty mapping üçün sizə lazımlı şeylər - böyük bir divar, çoxlu yapışqan kağız və qələm, və ortaq məsələ üstündə “baş sındıran” komanda üzvlərinizdir. Proses çox vaxt bir senyor məhsul/UX dizayneri və ya layihədə rəhbər rolunu oynayan şəxs tərəfindən aparılır.
Birinci fazada layihə rəhbəri ideların kağızlara yazılması üçün müəyyən bir vaxt verir və bu müddət ərzində hamı istədiyi qədər ideya yaza bilir. Əsas məqsəd maksimum qədər idea yazmaqdır, bu mərhələdə tam dəqiq olmağa, istifadəçi haqqında tam düzgün fikirlər yazmağa vaxt sərf etməyin, çünki daha sonra bütün idealar qruplaşdırılır və sizin önəmsiz və ya yanlış saydığınız bir idea UX araşdırmasının növbəti mərhələsində böyük rol oynaya bilər. Rəhbər vaxtın bitdiyini bildirəndən sonra hər kəs qələmləri saxlayır və ikinci faza başlayır.
İkinci fazada bütün idealar komanda üzvləri tərəfindən oxunaraq analiz edilir və bənzər idealar bir-birinə yaxın formada divara yapışdırılır. Bənzər ideyalar dedikdə nəzərdə tutduğumuz şeylər araşdırma hədəflərinizə və ya layihə obyektivlərinə uyğun olaraq oxşar xassələr və ya xüsusiyyətlərdir. Yəni sizin perspektivinizdən asılı olaraq istənilən qruplaşdırma metodu uyğun ola bilər, burda düz və ya səhv cavab yoxdur. Əgər bu izah kifayət qədər açıqlayıcı olmadısa, aşağıda verəcəyimiz nümunə ilə konsepti tamamilə anlayacaqsınız. Davam etsək, yapışdırılan kağızların sayı artdıqca fərqli qruplar (ingilis dilində cluster adlanır) yaranmağa başlayır.
Üçüncü fazada edilənlər bir əvvəlki mərhələdə yaradılmış qruplara ad verməkdir. Bəzən bəzi qrupların əslində daha böyük bir qrupun yarımqrupları olduğu qənaətinə gəlmək bu mərhələdə tez-tez baş verən hallardandır. Məsələn deyək ki, bir bank üçün UX araşdırması edirsiniz və sualınız “insanların bank xidmətləri seçərkən nə kimi məqamları diqqətə aldığıdır. Affinity mapping zamanı formalaşan “Online banking xidmətləri” və “Baş vermiş problemlərin həll edilmə asanlığı” əslində “Rahatlıq (İngiliscə Convenience)” qrupu altında toplana bilər. Bu mərhələ zamanı Affinity Diaqramlaşdırması final formasını almağa başlayır. Daha sonra hər detal diskussiya edilir və bəzən yapıçqan kağızlar başqa qruplara qoyulur. Əsas məsələ ortaya çıxan bənzərlikləri, mövzunun “onurğa sütununu” müəyyənləşdirməkdir. Daha sonra əldə etdiyiniz nəticələr sizə UX Araşdırmasının istiqamətini müəyyənləşdirmənizdə xeyli kömək edəcək. Affinity Mappingdən əldə edilən məlumatlar hətta layihədəki müxtəlif tərəflərə (layihə sahibləri, müştəri, maliyyə qrumları) təqdim edilə bilər.
Affinity Mapping nümunəsi - “Ən sevdiyiniz yemək hansıdır və niyə?”
Deyək ki, insanların ən sevdikləri yeməyi müəyyənləşdirmələrində nə kimi faktorların rol oynadığını müəyyənləşdirməyə çalışırsınız, çox gözəl. Bunun etmıyin bir yolu, IDI - In Depth Interview, yəni ətraflı müsahibələr ola bilər. 5 dostunuza yaxınlaşıb ən sevdikləri yeməyin nə olduğunu və niyəsini soruşursunuz. Deyək ki, aldığınız cavablar belədir:
Əli: Toyuq kababı, çünki ləzzətlidir və həmişə rayona gedəndə dostları ilə toyuq kababı hazırlayırlar.
Zöhrə: Tuna Salatı, çünki rahat hazırlanır və sağlamdır. Tez-tez işə gedəndə bundan hazırlayır.
Aqşin: Yarpaq dolması, çünki sadəcə olaraq dadını sevir.
Nərmin: Həyat yoldaşının hazırladığı istənilən yeməyi sevir, çünki onun yeməyi sevgi ilə hazırladığını bilir.
Cavad: Tayland üsulu düyü, çünki hazırlaması rahatdır, dadı yaxşı, özü qidalandırıcı və inqredientlərinin tapılması asandır.
Bu cavablara əsasən komanda yoldaşları 5 fərqli rəngdə yapışqan kağız götürür və hər istifadəçiyə bir rəng uyğun gəlməklə ağıllarına ilk gələn sözləri yazmağa başlayırlar.
Məsələn,
Əli - xatirə, dostluq, birlikdəlik, yerli mətbəx, təkrarlanan nostalji, vərdiş, öyrəşilmişlik, zülal
Zöhrə - rahatlıq, sağlamlıq, iş mühiti, müasirlik, vaxta qənaət, tez hazırlanması, balıq
Aqşin - yerli mətbəx, evdə hazırlanmış, dadlı, vərdiş
Nərmin - romantik hisslər, ailə dəyəri, sevgi, yeməyə öyrəşilmişlik
Cavad - fərqli mətbəxlər, rasionallıq, vaxta qənaət, əlçatanlıq, xüsusi yemək, qida dəyərləri
Daha sonra bu yapışqan kağızları sizin araşdırma məqsədlərinizə ən yaxşı xidmət edəcək formada qruplaşdırmağa başlayırsınız. Məsələn “vaxta qənaət, əlçatanlıq, tez hazırlanma” rahatlıq - convenience qrupuna aid ola bilər, halbuki “sosial bağlar, ailə dəyərləri, nostalji, dostlar, romantik hisslər, sevgi” sosial faktorlar qrupuna aid edilə bilər. Daha bir qrup “yeməyin özünəməxsus xassələri” ola bilər. Mən bu qrupa “zülal, balıq, evdə hazırlanma, yerli mətbəx, qida dəyərləri” və s. kimi elementləri daxil edərdim.
Daha sonrakı mərhələdə biz artıq hansı yolu izləməli olduğumuzu, araşdırma suallarını nəyin əsasında dəyişdirilməli və ya əlavələr edilməli olduğunu müəyyənləşdiririk. Affinity Mappinq bir neçə saat ərzində böyük irəliləyişlər etməyinizə səbəb olacaq effektiv bir metoddur və bir artıq anlaşıldığı üzərə bir çox fərqli mövzuda istifadə edilə bilər.
2024 UXBook bir Emotix məhsuludur.